Kardinale İbrahimoviçi “Milan”da niyə saxladığını açıqladı

“Milan”ın sahibi Cerri Kardinale “rossoneri”nin isveçli keçmiş hücumçusu Zlatan İbrahimoviçi kluba işə almaq qərarını əsaslandırıb.

Arena.az “Milan News” dərgisinə istinadən, Kardinalenin bu barədə fikrini təqdim edir:

“Yəqin ki, insanların çoxu onun təyinatını “nümayişkaranə” hesab edirdi və ya mənim haqqımda məşhurları sevən sahib kimi düşünürdü. Bunun tam əksidir. Mən bizi daha yaxşı edə biləcək dünya səviyyəli insanları axtarıram. Zlatanın vasitəsilə mən demək istədim ki, biz fərqli fəaliyyət göstərəcəyik. Çünki bu resursları daha yaxşı idarə etmək üçün mütərəqqiliyə ehtiyac var. Ona görə də mən onu “RedBird” (“RedBird Capital Partners” investisiya fondu – redaktorun qeyd) üçün “Milan”da əməliyyat tərəfdaşı və məsələlər üzrə baş müşavir olaraq işə götürdüm”, deyə Kardinale fikrini əsaslandırıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: