Türkiyənin “Fənərbağça” klubu heyətini iki yeni futbolçu – qapıçı Ederson və cina hücumçusu Kerem Aktürkoğlu ilə gücləndirib.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
Kerem Aktürkoğlu Portuqaliyanın “Benfika” klubundan transfer edilib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. İstanbul klubu bu transfer üçün “Benfika”ya 22,5 milyon avro ödəyib.
Kerem peşəkar karyerasına “Başakşəhər”də başlayıb. “Bodrumspor”, “Karacabey Belediyespor”, “Erzincanspor” kimi klublarda da oynamış vinger, 2020-2024-cü illər aralığında “Qalatasaray”da çıxış edib. “Benfika” Aktürkoğlunu ötən il “Qalatasaray”dan 13,5 milyon avro müqabilində heyətinə qatmışdı. Türkiyəli futbolçu Portuqaliya klubunun heyətində 58 oyun keçirib, 17 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Aktürkoğlunun futbol uğurlarının böyük əksəriyyəti “Qalatasaray”la bağlıdır. O, İstanbul klubu ilə 3 dəfə Türkiyə çempionu olub, 1 dəfə Türkiyə Super Kubokunu qazanıb. “Qalatasaray”da 179 oyun keçirib, 46 qol vurub, 42 ötürmə etmiş türkiyəli vingerin indi əzəli rəqib “Fənərbağça”ya keçməsi qardaş ölkədə birmənalı qarşılanmayıb.
Kerem 2021-ci ildə debüt etdiyi Türkiyə millisinin heyətində 44 oyun keçirib, 12 qol vurub, 4 məhsuldar ötürmə verib.
Ederson Moraes də İstanbula köçdü
Ederson Moraes isə İngiltərənin “Mançester Siti” klubundan “Fənərbağça”ya keçib. Türkiyə nəhəngi bu transferi 11 milyon avroya rəsmiləşdirib. Braziliyalı 32 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb.
Ederson “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkmiş braziliyalı qapıçını “Mançester Siti” 2017-ci ilin iyul ayında 40 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz düşərgəsinə qatmışdı. Edersonun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Ederson ötən mövsüm “Mançester Siti”nin heyətində 40 oyuna çıxıb, 54 qol buraxıb, 13 oyundan “quru” qurtulub.
Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 372 oyun, 311 buraxılmış qol, 168 “quru” oyundan ibarətdir.
Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qalibiyyət qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.
Ederson Moraes 2017-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna 21 qol buraxıb, 13 “quru” oyun keçirib. O, Braziliya millisi ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.
“Fənərbağça” futbolçusunu 22 milyon avroya satdı
“Fənərbağça”da ayrılıq da reallaşıb. Türkiyəli futbolçu Yusuf Akçiçək “Əl-Hilal”a keçib. Səudiyyə Ərəbistanı klubu 19 yaşlı mərkəz müdafiəçisini 22 milyon avroya alıb. Futbolçunun Səudiyyə komandası ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulur. “Fənərbağça” futbolçunun sonrakı satışından 15% gəlir götürəcək.
Yusuf Akçiçək ötən mövsüm Türkiyə çempionatında 9 oyun keçirib. O, bu mövsüm 1 oyunda meydana çıxmışdı.



