Madrid “Real”ının və PSJ-nin kostarikalı keçmiş qapıçısı Keylor Navas bundan sonra Meksika çempionatında çıxış edəcək.
Arena.az xəbər verir ki, 38 yaşlı qolkiper Argentinanın “Nyuells Old Boyz” klubundan ayrılaraq “Pumas”a keçib.
Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb. Kosta-rikalı futbolçunun transfer qiyməti 1,63 milyon avro təşkil edib.
Navas bu ilin yanvarından “Nyuells Old Boyz”da çıxış edirdi. O, Argentina klubunun heyətində 16 oyuna çıxıb, 11 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Keylor Navas Kosta-Rikanın “Deportivo Saprissa” klubunun yetirməsidir. Qapıçı, karyerası ərzində “Albasete”, “Levante”, “Real” və PSJ və “Nottingem Forest”də də çıxış edib.
Keylor Navas 2008-ci ilin oktyabrında debüt etdiyi Kosta-Rika yığmasının heyətində 120 oyun keçirib, 134 qol “yeyib”, 44 oyundan “quru” qurtulub.
Navas PSJ ilə hər biri 3 dəfə olmaqla, Fransa Liqa 1-in, Fransa Kubokunun, Fransa Super Kubokunun qalibi olub, həmçinin 1 dəfə Fransa Liqa Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı qapıçının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


