Kosta-Rika yığmasının və Fransanın PSJ klubunun sabiq qapıçısı Keylor Navas ciddi qanun pozuntularında ittiham edilir.
Arena.az məlumat verir ki, Navasın sabiq köməkçisi “BFM TV”-nin efirində şərti adını Nikolas təqdim etməklə və xarici görkəmini məxfi saxlamaqla, kostarikalı qapıçını, öz şəxsinə yol verdiyi qanun pozuntuları müqabilndə məhkəməyə verəcəyini bildirib.
Nikolasın dediyinə görə, Navas bəzən onu həftədə 90 saat işləməyə məcbur edib. Navas işçisinə aylıq 3,5 min avro məbləğ ödəyib, amma tərəflər heç bir müqavilə imzalamayıblar ki, bu da vergi qanunlarından yayınmaq deməkdir. Nikolas, Navasdan əmək müqaviləsini tələb etdiyini bildirən bir səs yazısı təqdim edib və həmin səs yazısında Navasın cavabı səslənib:
“Biz burada Fransa qanunlarına əsasən işləmirik. Müqavilə-zad yoxdur, sizə nağd ödəyirəm! Mənim qaydalarıma uyğun işləyirik”, – səs yazısında eşidilir.
Nikolas onu da bildirib ki, Navas onu mənzillə təmin etməyi öhdəsinə götürüb. Ancaq Keylorun işçisini yerləşdirdiyi çoxlu kif basmış otaq bərbad vəziyyətdə olub. İddiaya görə, Navas, Nikolasdan həmçinin yanında həmişə ov tüfənginin olmasını tələb edib. Futbolçunun özü bir dəfə hətta müvafiq icazəsi olmasa da, Nikolasın qarşısında ov tüfəngindən atəş açıb.
Keylor Navas Kosta-Rikanın “Deportivo Saprissa” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində “Albasete”, “Levante”, “Real” və PSJ və “Nottingem Forest”də çıxış edib.
Navas iyulun 1-də Fransa nəhəngi ilə müqavilə müddətinin başa çarması səbəbilə Paris klubundan azad agent qismində rəsmən ayrılacaq.
2023/2024 mövsümündə Navas PSJ-nin heyətində bütün yarışlarda 6 oyuna 7 qol buraxıb, 2 təmiz oyun keçirib. PSJ-nin heyətində Navasın çıxışlarının ümumi mənzərəsi isə belədir: 114 oyun, 94 buraxılmış qol, 52 təmiz oyun.
Keylor Navas 2008-ci ilin oktyabrında debüt etdiyi Kosta-Rika yığmasının heyətində 114 oyun keçirib, 127 qol “yeyib”, 42 oyundan “quru” qurtulub.
Navas PSJ ilə hər biri 3 dəfə olmaqla, Fransa Liqa 1-in, Fransa Kubokunun, Fransa Super Kubokunun qalibi olub, həmçinin 1 dəfə Fransa Liqa Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı qapıçının transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


