Klaudio Tapia: “Messidən sonra 10 nömrəni heç kim geyinməyəcək”

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Lionel Messi haqqında maraqlı bir açıqlaması ilə diqqət çəkib.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, o, Argentina yığmasının ulduzu, kapitanı və hücumçusu Messinin milli komandadakı karyerasını başa vurduqdan sonra onun daşıdığı 10 nömrənin istifadədən çıxarılacağını bildirib:

“Messi milli komandadan gedəndən ondan sonra heç kimə 10 nömrə geyinməyə icazə verməyəcəyik. Bu 10 nömrə Messiyə hörmət əlaməti olaraq ömürlük təqaüdə çıxacaq. Bu, edə biləcəyimiz ən azıdır”, deyə Klaudio Tapia bildirib.

Xatırladaq ki, Messi hazırda tətildədir.

“Leo” cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: