“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo daha bir mükafata layiq görülüb.
Arena.az məlumat verir ki, Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Fernando Qomes Kristiano Ronaldonu yüksək qiymətləndirərək, ona xüsusi platin mükafatı təqdim edib.
Noyabrın 11-də Ronaldo “Quinas de Ouro” mərasimində iştirak edib və burada Fernando Qomes ulduz futbolçuya Portuqaliya futbolunun təbliğinə verdiyi töhfəyə görə təşəkkürünü bildirirərək, şərəfləndirib:
“O, 20 ildən artıqdır ki, Portuqaliya milli yığma komandasındadır və Portuqaliya komandasını təmsil etməyə məhəbbət göstərən kəsin kimliyi haqqında danışsaq, bu, Kristiano Ronaldodur. O, bu köynəyi hiss edir, Portuqaliyanı hiss edir və bizim ölkəmizin qabaqcıl təcrübəsinin təmsilçisi olub. Şübhə etmirəm ki, bütün bu illər ərzində mən onun əsasən Portuqaliya formasını geyinməyi sevdiyini, Portuqaliyanı tanıtmaq, Portuqaliyanı bütün dünya tərəfindən sevilən bir ölkəyə çevirmək üçün fədakarlığını görmüşəm. Elə, buna görə də, açığını desəm, Kristianoya platin “Quinas” təqdim etmək bizə ədalətli görünür.
Kristianoya, töhfə verdiyi hər xüsusa, bu köynəyi hiss etməsinə, milli komandanı duymasına və hər xüsusdan əvvəl Portuqaliyaya olan münasibətinə görə bircə təşəkkür sözüm var. Təbrik edirəm, təşəkkür edirəm”, deyə Qomes çıxışını tamamlayıb.
“Quinas de Platina” federasiyanın ən nüfuzlu mükafatıdır. Ronaldo onu Portuqaliya millisinə verdiyi töhfəyə görə alıb.
“Bu mükafatı son nöqtə yox, başlanğıc kimi qəbul edirəm”
39 yaşlı oyunçu aldığı mükafatla bağlı təəssüratlarını bölüşərkən qürurlandığını bildirib:
“Mən bu mükafatı son nöqtə deyil, əksinə, başlanğıc kimi qəbul edirəm. 18 yaşında milliyə qoşulanda arzum ilk oyunumu keçirmək idi. Sonra 25, 50-yə çatdım, bəs niyə 100 olmasın? Əvvəl iki, daha sonra üç rəqəm və 150, 200 oyun haqqında düşünməyə başladım. Bu, qürur hissidir”.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 79 oyun, 68 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



