Kristiano Ronaldo: “Meydana çıxanda özümü xoşbəxt hiss edirəm”

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo peşəkar karyerasının gələcəyi haqda qeyri-müəyyənliklə danışıb:

Arena.az “Record” dərgisinə istinadən ulduz futbolçunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mövsümün sonunda təqaüdə çıxa bilərəm, eləcə də, daha iki və ya üç il oynaya bilərəm. Düzünü desəm, hələ bilmirəm.

Nə qədər ki, başım və bədənim qaydasındadır və futboldan həzz almağa davam edirəm, oynamağa davam edəcəyəm. Artıq faydalı ola bilməyəcəyimi hiss edəndə bu vəziyyətə dərhal məsuliyyətlə cavab verəcəyəm.

Hazırda meydana çıxanda özümü əla və xoşbəxt hiss edirəm. Ən çox sevdiyim işlə məşğulam”, deyə veteran qolçu bildirib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristiano ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: