Kristiano Ronaldo: “Portuqaliya AÇ-2024-ü qazanmağa qadirdir”

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo qarşıdakı 2024-cü il Avropa çempionatı öncəsi Portuqaliya yığmasının gücünü qiymətləndirib.

Arena.az “Record” dərgisinə istinadən ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mənim üçün turnirdə qələbəyə iddialı olmaq və yarışın favoriti statusu eyni məqamı ifadə edir. Nəzərə almaq lazımdır ki, biz AÇ-2016-da, bəlkə də favorit olmadığımız halda etdiyimiz kimi, Avropa çempionatını qazanmağa qadir komandayıq.
İndi onlar Portuqaliya millisinə başqa cür baxırlar. Ona görə də hesab edirəm ki, biz Avropa çempionatına qalib gələcəyik düşüncəsi ilə getməliyik və bu hədəfi izləməliyik”, deyə Ronaldo bildirib.

Xatırladaq ki, AÇ-2024-ün qrup mərhələsində Portuqaliya yığması Türkiyə, Çexiya kollektivləri və ələmə mərhələsindən turnirə vəsiqə qazancaq digər komanda ilə qarşılaşacaq.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristiano ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.