Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, mundialın debütantı üzərində qazandıqları 5:0 hesablı qələbədən sonra rekordlarına da münasibət bildirib.
41 yaşlı hücumçu qarşılaşmada dubla imza ataraq dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vuran ilk futbolçu olub.
Ronaldo komandanın nümayiş etdirdiyi oyundan məmnun qaldığını vurğulayıb:
“Çox şadam, amma mənim üçün ən vacibi komandamızın işi və nümayiş etdirdiyimiz inamdır. Komanda həqiqətən çox yaxşı çıxış etdi və oyununu əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Deyildiyi kimi, hər qaranlıq buludun arxasında işıq var. Şəxsən mənim üçün rekordlar həmişə xoşdur, lakin əsas vəzifəm həmişə milli komandanın qarşısına qoyulan məqsədlərə çatmasına kömək etməkdir”, – deyə Ronaldo FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, portuqaliyalı superulduz Özbəkistanla oyunda vurduğu iki qolla dünya çempionatlarındakı qol sayını 10-a çatdırıb. Bununla da o, əfsanəvi Eysebionu geridə qoyaraq Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olub.
Ronaldo həmçinin 41 yaşında dünya çempionatında fərqlənən ikinci ən yaşlı futbolçu kimi tarixə düşüb. Bu göstəricidə rekord 1994-cü il mundialında 42 yaşında qol vuran kamerunlu Rojer Millaya məxsusdur.
Xatırladaq ki, Kristiano Ronaldo DÇ-2026-da vurduğu qolla dünya çempionatları tarixində altı müxtəlif turnirdə fərqlənmiş ilk futbolçu adına sahib çıxıb. Portuqaliya millisinin lideri daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da qol sevinci yaşamışdı.


