Futbol üzrə Portuqaliya milli komandasının və “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, o, yığma komandada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
39 yaşlı hücumçu bunu ötən gecə UEFA Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlvə o, yoxlama oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.
Xatırladaq ki, Polşa – Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldo komandasının inamlı qələbəsinə qolla töhfə verib. O, görüşün 37-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 215 oyun keçirib, 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı ulduz futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



