Krunoslav Renduliç – Azərbaycan çempionatlarında 63-cü

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turu “Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, bu oyunla Azərbaycan çempionatlarında debüt edib.

Xorvatiyalı mütəxəssis “Sabah”ı “Qəbələ” ilə ev matçına çıxarıb. Onun yetirmələri bu oyunda 2:1 hesablı qələbə qazanıblar.

Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb. “Bank Respublika Arena”da keçirilən görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarmışdı.

Krunoslav Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik ediblər.

Xatırladaq ki, “Sabah” 50 yaşlı xorvatiyalı mütəxəssislə bir müddət əvvəl 1,5 illik müqavilə bağlayıb.

Renduliç futbolçu karyerasına Xorvatiyanın “Osiyek” klubunda başlayıb. Burda gənclər komandasında oynayan Renduliç 1994-cü ildə peşəkar karyerasına ölkənin digər təmsilçisi “Belisçe”də başlayıb. Sonradan Xorvatiyanın “Hayduk”, “Osiyek” və “Luçko” klublarında da çıxış edib. Cinah yarımmüdafiəçisi mövqeyində oynayan Renduliç ölkə xaricində yalnız Sloveniyanın “İnterblok” komandasının şərəfini qoruyub. O, futbolçu karyerasını 2014-cü ildə Xorvatiya təmsilçisi “Luçko”da başa vurub.

Renduliç məşqçi kimi İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) baş məşqçi Draqan Şkoçiçin köməkçisi olub. O, Xorvatiyada “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinada “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvat mütəxəssisin baş məşqçi kimi uğurları “Zrinski” klubunda olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionatının və kubokunun qalibi olub. Xorvatiyalı məşqçi bu komanda ilə cari mövsümdə Avropa Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb.

Renduliç “Sabah”ın baş məşqçi postunda fevralın 1-də istefaya göndərilmiş Murad Musayevi əvəz edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: