Krunoslav Renduliç: “Sumqayıt” üzərində qələbəyə layiq idik”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı, keyfiyyətli futbol sərgilədilər. Təəssüf ki, bir səhvə görə qol buraxdıq. Ondan 10-15 dəqiqə sonra o qədər də yaxşı deyildik. Bu da normaldır. Çünki səhvlərdən sonra özünəinamı itirirsən. Qol epizodlarımız var idi, bəzilərini reallaşdıra bilmədik. İkinci hissədə təzyiqi artırdıq. Bəzi hissələrdə daha yaxşı oynaya bilərdik. Qələbəyə layiq idik. Çünki “Sumqayıt” qapıya cəmi bir-iki zərbə endirdi.

Əminliklə deyə bilərəm ki, daha çoxunu etməyi bacararıq. Amma bunun üçün addım-addım irəliləmək lazımdır. Bəzi oyunçularımız 100 faiz hazır deyil. Komandada futbolçular var ki, daha çox iş görə bilərlər”.

Krunoslav Renduliç son çempion “Qarabağ”ın bu turda “Turan Tovuz”a uduzmasına da münasibət bildirib:

“Həmişə demişəm ki, məğlub edilməyəcək komanda yoxdur. “Turan Tovuz”la oyun göstərdi ki, “Qarabağ” da uduzur. Onlar üçün də həm daxili çempionatda, həm də avrokubokda oynamaq asan deyil. “Turan Tovuz” qələbə layiq idi”.

“Həm psixoloji, həm də fiziki cəhətdən yorğunuq” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Oyun haqda yox, ümumi vəziyyət barədə danışmaq istəyirəm. Futbolçularda yorğunluq var. Həm psixoloji, həm də fiziki cəhətdən yorğunuq. Bir-iki oyunçu var ki, toplanış keçməyiblər. Bu da oyunda öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra yaxşı oynamalıyıq. Futbolçularla da danışıram, onlar yorğunluğu önə çəkirlər. Çempionatın əvvəlidir. Sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun təsiri altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: