Kurasao millisi Ginnesin Rekordlar Kitabına düşdü!

Kurasao millisi futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edən ən az əhaliyə malik ölkə kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Arena.az xəbər verir ki, sözügedən komanda “Ginnesin Rekordlar Kitabı”nın mətbuat xidməti tərəfindən rekordçu elan olunub.

Karib dənizində yerləşən və Niderland Krallğının tərkibinə daxil olan Kurasaonun əhalisi cəmi 156 min nəfərdir.

Kurasao yığması dünya çempionatları tarixində ilk oyununu iyunun 14-də keçirib. Debüt matçında komanda Almaniya millisinə 1:7 hesabı ilə məğlub olub.

Kurasao 2010-cu ilə qədər Niderland Antillesnin tərkibində olub. Həmin ildən sonra ada Niderland Krallığının tərkibində muxtar dövlət statusu qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Komandalar 12 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar, həmçinin ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə vəsiqə qazanacaq.

Kurasao millisi E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvadorla mübarizə aparır. Sözügedən komanda növbəti oyununu iyunun 21-də Ekvadora qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: