Futbol üzrə Argentina yığma komandasının hücumçusu Lautaro Martines 2024-cü il Amerika Kubokunun qalibi olmalarını şərh edib.
Arena.az xəbər verir ki, Kolumbiya yığması ilə Amerika Kubokunun final oyununda yeganə qola imza atmış futbolçu “albiseleste”nin bu yarışdaki qalibiyyəti ilə bağlı bunları dilə gətirib:
“Mən vurduğum qol və qazandığımız qənimət üçün xoşbəxtəm. Bu, bizə çox baha başa gəldi. Biz kuboku yenidən Argentinaya gətirdik. Hamımızın istədiyi də bu idi”, deyə Martines vurğulayıb
Xatırladaq ki, Lautaro Martines İtaliyanın “İnter” klubunun formasını geyinir. O, “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu geridə qalmış 2023/2024 mövsümündə bütün yarışlarda “İnter”in heyətində 44 oyuna çıxıb, 27 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 282 oyun, 129 qol, 43 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 64 oyuna çıxıb, 29 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


