Lautaro Martines: “Argentina millisinin kapitanı olmaq istəyirəm”

Argentina yığmasının və “İnter”in mərkəz hücumçusu Lautaro Martines peşəkar karyerası ilə bağlı hədəflərindən söhbət açıb.

Arena.az “Icon Magazine” dərgisinə istinadən, argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən həmişə deyirəm ki, qənimətlər lövhəsi heç vaxt çox böyük olmur, yeni kuboklar üçün isə məmnuniyyətlə həmişə yer tapmaq olar. Düzdür, mənim komandamla və klubumla artıq çox şey qazandığım üçün bəxtim gətirib, amma növbəti mükafatları qazanmaq üçün həmişə səy göstərmək gərəkdir. Əlbəttə, İtaliya çempionatını qazanmaq və kapitan olmaq istəyirəm. Düşünürəm ki, bu tortun üstünə gözəl bir albalı dənəsi olacaq”, deyə Martines məmnunluqla bildirib.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 13 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 295 oyun, 135 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: