Lautaro Martines: “Bəzən özümü dəyərsiz hiss edirəm”

“İnter” argentinalı hücumçusu Lautaro Martines “Qızıl top” üçün səsvermədə 7-ci yeri tutmasını necə izah etməsi ilə bağlı sualı cavablayıb.

Arena.az “Corriera della Sera” dərgisinə istinadən, argentinalı futbolçunun bu barədə cavabını təqdiim edir:

“Müxtəlif baxışlarım var, amma düşünürəm ki, təkcə Amerika Kubokunda və İtaliya A Seriyasında ən sərrast qolçu olduğum üçün deyil, həm necə oynadığıma görə vacib bir il keçirmişəm. Mən özümü dəyərsiz hiss edirəmmi? Bəzən bəli. Amma komanda qənimətlərinin çəkisi fərqlidir”, deyə Martines futbolun əsas məqsədinə işarə vurub.

Xatırladaq ki, “Qızıl top”un mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə “Şate” Teatrında baş tutub. “Qızıl top” “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodriyə verilib.

Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 21 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 303 oyun, 135 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: