“İnter”in argentinalı hücumçusu Lautaro Martines həmvətəni, ulduz hücumçu Lionel Messinin onun haqda fikrinə münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, daha əvvəl Messi, Martinesin “Qızıl top”u qazanmağa hər kəsdən daha artıq layiq olduğunu vurğulamışdı.
“Bütün zamanların ən böyük oyunçusunun belə düşünməsindən qürur duyuram. Namizədlər arasında olduğum üçün isə çox şadam. Düşünürəm ki, bu, milli komanda ilə Amerika Kubokunu, həmçinin “İnter”lə İtaliya çempionatını və Super Kubokunu qazandığım əla mövsümün qəbullanmasıdır. Şəxsi nöqteyi-nəzərdən hər iki yarışın ən sərrast qolçusu oldum və A Seriyasının ən yaxşı oyunçusu olaraq tanındım”, – ICON dərgisi Martinesdən sitat gətirir.
Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən “Qızıl top” “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib. Martines isə səsvermənin yekunlarına görə, 7-ci yeri tutub. Argentinalı hücumçu özü müvafiq nəticədən təəccübləndiyini və daha artığını gözlədiyini vurğulamaqla yanaşı, gələcəkdə bu nəticəni daha da yaxşılaşdıracağına səylə çalışacağını bildirib.
Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 12 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 294 oyun, 134 qol, 47 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.