Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 36 yaşlı futbolçu buna millidəki son 15 matçın 14-də fərqlənməklə nail olub. Təcrübəli forvard 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-nə qədər 14 qarşılaşmada qol vurub. Messinin seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsinin görüşündə qırılıb. Messi həmin oyunun ikinci hissəsində meydana çıxıb.
Leonidas isə 1932-1940-cı illər aralığında meydana çıxdığı 15 görüşün 14-də fərqlənməyə nail olub.
Xatırladaq ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Barselona” və PSJ-də də oynamış “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub və bu mütləq rekorddur.


