ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi futbol üzrə Argentina milli komandasının heyətində 117-ci qoluna imza atıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu buna İslandiyanı 3:0 hesabı ilə məğlub etdikləri yoxlama oyununda fərqlənməklə nail olub.
Forvard yığmadakı 199-cu matçında bu həddə çatıb çatıb. O, görüşün 72-ci dəqiqəsində penaltidən dəqiq yararlanıb.
Messi karyerası ərzində bütün turnirlərdə 911 dəfə rəqib qapılarına yol tapıb. O, “Barselona”da (İspaniya) 672, PSJ-də (Fransa) 32, hazırda çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunda 90 dəfə bunu bacarıb.
Xatırladaq ki, Argentina millisi 11 iyun – 19 iyul aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə üz-üzə gələcək.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 16 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 104 oyun, 90 qol və 51 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 199 oyun keçirib, 117 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.


