Argentina yığmasının və “İnter Mayami”nin kapitanı, ulduz hücumçu Lionel Messi bir neçə mövzuda fikirlərini paylaşıb.
Arena.az Messinin müvafiq xüsusda açıqlamalarını diqqətinizə çatdırır:
Argentinalı ulduz “Barselona”ya mümkün qayıdışı haqda sualı cavablandıraraq, bunun söhbət mövzusu olmadığını açıq şəkildə bildirib:
“Mən “Barselona”ya qayıtmaq, oradakı həyatım, karyeramı bitirmək haqda, həmişə istədiyim kimi, düşünmüşənm, amma… mümkün deyildi. İndi “Barselona”ya və ya başqa komandaya icarəyə getmək imkanı varmı? Xeyr, imkan yoxdur. Dəyməz”, – italyan jurnalist Fabrizio Romano Messidən sitat gətirir.
Üstəlik, Messi maraqlı məqamı da əlavə edərək, bir daha nə vaxtsa Avropada oynaya biləcəyinə inanmadığını, bu bardə düşünmədiyini bildirib:
“Avropa futbolu mənim üçün bağlıdır? Bəli. Avropada möhtəşəm karyeram vardı və xəyal etdiyim hər şeyi qazandım. İndi ABŞ-a köçmək qərarına gəldiyim üçün Avropada çıxış etməyi düşünmürəm”, deyə Messi əminliklə bu məsələyə nöqtə qoyduğunu vurğulayıb.
Həmçinin Messi bildirib ki, bu il bir çox Avropa klubları və Səudiyyə Ərəbistanından klublar onunla müqavilə bağlamaq istəyirlər:
“Bu il bir çox Avropa klubları və Səudiyyə Ərəbistanı da daxil olmaqla çoxlu təkliflər aldım. Amma mən və ailəm Mayamiyə gəlməyə qərar verdik və bu qərarımızdan məmnunuq, özümüzü yaxşı hiss edirik”, deyə Messi ona “elçi” düşmüş klubların bu imkansız olduğunu anladıb.
Messidən DÇ-2026 açıqlaması
Nəhayət Messi bütün dünyada öz azarkeşlərini ən çox qayğılandıran mühim məsələ – 2026-cı il dünya çempionatında mümkün iştirakı mövzusunda danışıb:
“DÇ-2026? Həmin vaxt neçə yaşım olacağını nəzərə alsaq, çətin görünür, amma görəcəyik”, deyə “Leo” azarkeşlərinə ümid yeri qoyub.
Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb.
Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


