Lionel Messi bir oyunda beş tarixi rekorda imza atdı

DÇ-2026-nın 1/16 final mərhələsinin Kabo Verde yığması ilə oyunu Argentina millisinin ulduz hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, əlavə vaxtda qazandıqları 3:2 hesablı qələbədə bir neçə tarixi nailiyyətə imza ataraq dünya çempionatlarının rekordlar kitabını yenidən yazıb.

39 yaşlı hücumçu mundial tarixində 30 oyuna çıxan ilk futbolçu olub. O, bununla da 26 oyunla ikinci pillədə qərarlaşmış Portuqaliya millisinin kapitanı Kristiano Ronaldonu daha da geridə qoyub.

Lionel Messi görüşdə vurduğu qolla dünya çempionatlarındakı qol sayını 20-yə çatdıraraq öz rekordunu yeniləyib. O, mundiallar tarixinin ən məhsuldar futbolçusu kimi ən yaxın izləyicisi, Fransa millisinin hücumçusu Kilian Mbappeni (18 qol) iki top qabaqlayır.

Bununla yanaşı, argentinalı ulduz dünya çempionatlarında ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu kimi rekordunu da inkişaf etdirib. Onun möhtəşəm seriyası DÇ-2022-nin 1/8 finalından başlayır. Messi bu müddətdə 12 qol vuraraq mundiallar tarixinin ən məhsuldar bombardiri statusunu möhkəmləndirib.

Təcrübəli futbolçu Kabo Verde ilə oyunda məhsuldar ötürmə də edərək dünya çempionatlarında assistlərinin sayını 9-a yüksəldib. Beləliklə, o, Argentina futbolunun əfsanəsi Dieqo Maradonanı geridə qoyaraq mundiallar tarixinin ən çox məhsuldar ötürmə edən futbolçusuna çevrilib. Qeyd edək ki, dünya çempionatlarında assist statistikası 1966-cı ildən aparılır.

Lionel Messi Kilian Mbappeni bir göstəricidə qabaqladı, digər göstəricidə…

Lionel Messi həmçinin DÇ-2026-da vurduğu 7-ci qolla turnirin bombardirlər siyahısında yenidən təkbaşına liderliyə yüksəlib. O, 6 qolu olan Kilian Mbappeni qabaqlayıb. Bununla belə, məhsuldar hərəkətlərin (qol+assist) sayına görə Messi 8 məhsuldar hərəkəti olan Mbappedən sonra ikinci pillədə qərarlaşıb.

Argentina millisinin kapitanı daha bir tarixi göstəricini də təkrarlayıb. O, dünya çempionatlarının pley-off mərhələsində ardıcıl beş oyunda qol vuran futbolçular sırasına qoşulub. Messi DÇ-2022-də Avstraliya, Niderland, Xorvatiya və Fransa ilə oyunlardan sonra DÇ-2026-nın 1/16 finalında Kabo-Verdeyə qarşı da fərqlənərək 63 illik rekordu təkrarlayıb.

Bundan əvvəl yalnız Braziliya futbolçuları Leonidas (1934 və 1938), Vava (1958 və 1962) və Macarıstan millisinin sabiq hücumçusu Dyerd Şaroşi (1934 və 1938) pley-off mərhələsində ardıcıl beş oyunda qol vurmağı bacarmışdılar. Messi isə 1962-ci ildən bəri bu nailiyyəti təkrarlayan ilk futbolçu olub.

Qeyd edək ki, Argentina millisi 1/8 finalda Misirlə qarşılaşacaq. DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Mundiala iyulun 19-da yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: