Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra həm komandasının uğuruna, həm də mundiallar tarixinin ən məhsuldar futbolçusu olmasına münasibət bildirib.
38 yaşlı hücumçu Avstriya ilə qarşılaşmada dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Bununla yanaşı, Lionel Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxıb.
Messi ilk növbədə komandasının növbəti mərhələyə yüksəlməsinə sevindiyini bildirib:
“İlk növbədə bu qələbəyə çox sevinirəm. Bu, bizim üçün son dərəcə vacib idi və ağır, gərgin mübarizə şəraitində qazanıldı. İndi gələcəyə daha rahat baxa bilərik. Bu dünya çempionatında bütün oyunlar gərgin və bərabər mübarizə şəraitində keçir. Mən bu anlardan həzz alıram və komanda yoldaşlarımla birlikdə uğuru qeyd etməyi səbirsizliklə gözləyirəm”.
Argentina millisinin kapitanı penalti epizoduna görə məyus olduğunu da gizlətməyib:
“Penaltiyə görə əsəbiləşmişdim, çünki onu qaçırdım və zərbəm çox uğursuz alındı. Xoşbəxtlikdən, oyunun gedişatını dəyişə bildik və hesabda önə keçdik. Hər şey həqiqətən möhtəşəm alındı. Əgər həmin penaltini qola çevirsəydim, bəlkə də digər iki qolu vurmazdım. Əsas odur ki, həm nəticədən, həm də komandanın oyunundan və əzmkarlığından razıyam”.
Lionel Messi bombardir rekordunun onun üçün əsas məsələ olmadığını vurğulayıb:
“Bilirdik ki, bu oyunda qalib gəlmək asan olmayacaq. Heç kim heç nəyi asanlıqla vermir. Uzunmüddətli hücumlarda topa nəzarət etmək bizim üçün çətin idi. Ən vacibi növbəti mərhələyə yüksəlməyimizdir”.
Argentinalı ulduz dünya çempionatlarında vurduğu qollar arasında ən yaxşısını seçməkdə də çətinlik çəkdiyini deyib:
“Mən yorğunam, gücüm az qalıb və indi bu barədə düşünmək çətindir. Bu komanda bir araya gələndə ünsiyyətdən, rəqabətdən və gündəlik həyatdan zövq alır. Biz azarkeşlərin sevincindən də həzz alırıq və komandadakı harmoniyanı qorumağa çalışırıq. Lakin addım-addım irəliləyirik. Qarşıda uzun və çətin yol var”.


