Lionel Messi DÇ-2022-nin finalını xatırladı

“İnter Mayami”nin aregentinalı ulduzu, hücumçu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının finalını xatırlayıb.

Arena.az məlumat verir ki, Messi özünün “X” sosial şəbəkə hesabı üzərindən dərc etdiyi yazısında finalda məhz fransalı hücumçu Kilian Mbappenin 118-ci dəqiqədə oyunu penaltilər silsiləsinə çatdıraraq hesabı bərabərləşdirdiyi anda öz duyğularını ifadə edib:

“Mbappe hesabı bərabərləşdirəndə öz-özümə dedim ki, mənim arzum yenidən puç olacaq? Xeyr, bu, heç vaxt mənim başıma gəlməyib. Biz həqiqətən arxayın idik. İçimdə nə baş verməsindən asılı olmayaraq, dünya çempionu olacağımıza əmin idim”, – “Leo” yazıb.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina yığması Fransa kollektivini penaltilər silsiləsində məğlub etmişdi. Oyunun əsas vaxtı və əlavə vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatmışdı. Kilian Mbappe het-trikə, Lionel Messi isə dubla imza atmışdı. Daha bir qolu Anxel Di Mariya vurmuşdu.