Lionel Messi – DÇ-2026-nın qrup mərhələsinin bombardiri!

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin ən məhsuldar oyunçusu olub.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu qrup mərhələsində keçirdiyi üç oyunda 6 qol vuraraq bombardirlər siyahısına başçılıq edib.

Messi ilk turda Əlcəzairlə qarşılaşmada (3:0) het-trikə imza atıb. O, daha sonra Avstriya ilə matçda (2:0) dubl edib, İordaniya üzərində 3:1 hesablı qələbədə isə bir dəfə fərqlənib.

Bununla da Messi dünya çempionatları tarixində qrup mərhələsini ən azı 6 qolla başa vuran beşinci futbolçu olub. Daha əvvəl bu göstəriciyə macar Şandor Koçiş (7 qol, 1954), alman Gerd Müller (7 qol, 1970), fransalı Jüst Fonten (6 qol, 1958) və rusiyalı Oleq Salenko (6 qol, 1994) nail olublar.

Lionel Messi İordaniya ilə oyuna ehtiyat oyunçular skamyasında başlasa da, ikinci hissədə meydana daxil olaraq yenidən adını tabloya yazdırıb. Baş məşqçi Lionel Skaloni komandanın pley-offa vəsiqəni vaxtından əvvəl təmin etməsini nəzərə alaraq ulduz futbolçuya istirahət vermək qərarına gəlib. Bununla Messi 20 ildən sonra ilk dəfə dünya çempionatında Argentina millisinin start heyətində yer almayıb.

Kapitan 60-cı dəqiqədə meydana çıxıb və 80-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasının qələbəsini rəsmiləşdirib. Bu qol onun dünya çempionatlarındakı ümumi qol sayını 19-a çatdırıb və Messi öz rekordunu yeniləyib.

Bundan başqa, Lionel Messi dünya çempionatları tarixində ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Onun məhsuldarlıq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayır. İndiyədək ardıcıl altı oyunda fərqlənmək rekordu Jüst Fonten və Jairzinyo tərəfindən bölüşdürülürdü.

Argentina millisi qrup mərhələsini üç qələbə və 9 xalla lider kimi başa vurub. Komanda 1/16 finalda Kabo Verde millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina yığmasıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: