“İnter Mayami”nin 36 yaşlı hücumçusu Lionel Messi Argentina yığmasının heyətində 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirak edə bilər.
Arena.az xəbər verir ki, Argentinanın gənclərdən ibarət yığmasının baş məşqçisi Xavyer Maskerano Lionel Messi, “Aston Villa”nın qapıçısı Emiliano Martines və “Benfika”nın mərkəz müdafiəçisi Nikolas Otamendini Argentinanın olimpiya komandasına dəvət etmək istəyir.
Xatırladaq ki, komandada yaşı 23-dən yuxarı 3 futbolçunun yer alması icazəlidir. Bu üzdən də məşqçilər korpusu Parisdəki Olimpiadaya məhz bu üç futbolçunu götürmək fikrindədirlər. Daha öncə isə bu oyunçulardan birinin Anxel Di Mariya olacağına dair iddialar vardı.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 19 oyun, 16 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


