Lionel Messi: “Ömrüm boyu bu arzum üçün mübarizə aparmışam”

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatındakı qələbəsi ilə bağlı xatirələrini paylaşıb.

Arena.az “L’Equipe” nəşrinə istinadən Messinin müvafiq xüsusda xatirələrini təqdim edir:

“Başımda çoxlu fikirlər vardı. Belə anlarda nə hiss etdiyinizi izah etmək çətindir. Mən bütün ömrüm boyu bu arzum üçün mübarizə aparmışam. Bu, yalnız mənim deyil, həm də ailəmin, yaxınlarımın və bütün Argentinanın məqsədi idi. Finaldan sonra öz-özümə dedim: “Mən hər şeyi qazandım”. Kuboku görəndə onun bizim olduğuna inana bilmədim. Dərhal onu götürmək istədim”, deyə Messi xarılayıb.

Xatırladaq ki, ötən il, 2022-ci ildə Lionel Messi Argentina yığmasının heəytində Qətərdə keçirilmiş dünya çempionatının qalibi olmuşdu. Argentinalı ulduz mundialın bütün oyunlarında meydanda çıxaraq, 7 qol vurdub, 3 məhsuldar ötürmə verib, həmçinin “Leo” turnirin ən yaxşı oyunçusu adını qazanıb.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: