Lionel Messi: “Tanrı mənə hər şeyi verib”

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi karyerasına nəzər salıb, gələcəyi ilə bağlı söhbət açıb.

Arena.az “Apple Music”ə istinadən, argentinalı ulduzun müvafiq fikirilərini təqdim edir:

“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, yaşadıqlarımı yaşaya bilərəm, belə bir karyera keçirəcəyimi bilməzdim. Heç vaxt bu barədə düşünməmişəm və beləsini təsəvvür belə, etməmişəm. Mənim yeganə məqsədim peşəkar futbolçu olmaq, futbol oynamaq idi. Uşaqlıqdan futbol oynamaq xoşuma gəlib. Mən futbolu sevirəm, mübarizə aparmağı və qalib gəlməyi sevirəm. Mən hər şey üçün tanrıya minnətdaram, onun mənə verdiklərinə, mənim nailiyyətlərimə görə.

Mənə, futbolda hər şeyə müvəffəq olmaq xoşbəxtliyi nəsib olub, komandalarla, həmçinin milli komanda ilə, eləcə də fərdi uğurlara. Mən tanrıdan bunu istəməyə də cəsarət etməzdim. Mən yuxarıdan çoxlu bəxşişlər almışam O, mənə hər şeyi verib, mən, qismətim olmuş karyeraya və həyatıma görə sadəcə minnətdaram”, deyə “Leo” vurğulayıb.

“İndidən zövq almağı sevirəm” – Lionel Messi

Gələcəyi ilə bağlı isə Messi bu fikirdədir:

“İndi mən özümü yaxşı hiss edir və karyeramın hər bir məqamından zövq alıram. Klubdan zövq alıram, oyunlardan, komanda yoldaşlarımdan, ailəmdən, dostlarımdan…

Mən irəli boylanmıram. Sadəcə olaraq indidən zövq almağı sevirəm”.

Lionel Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümdə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: