İngiltərə Premyer Liqasının 11-ci turunun “Luton Taun” – “Liverpul” oyunu (1:1) “qırmızılar”ın hücumçusu Luis Dias üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, noyabrın 5-də keçirilmiş oyunda “Liverpul” 90+5-ci dəqiqədə Luis Diasın vurduğu qol sayəsində məğlubiyyətdən qurtula bilib.
Kolumbiyalı futbolçu vacib qolunu bir müddət əvvəl Kolumbiyada oğurlanaraq qaçırılmış atasına həsr etdiyi köynəklə – özünəməxsus surətdə çağırış ünvanlayaraq qeyd edib.
Xatırladaq ki, hücumçu valideynlərinin Kolumbiyada qaçırılması səbəbindən bir neçə oyunu buraxmışdı. Diasın anası polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində canilərdən azad edilsə də, atası ilə bağlı hələ də xəbər yoxdur. Bundan əvvəl mətbuatda ata Diası qaçıranların bəyanatı yayılıb və oğrular bəyanatda qocanı yaxın vaxtlarda evə qaytaracaqlarını bildiriblər.
Daha əvvəl isə məlum olmuşdu ki, Luis Diasın valideynləri Milli Azadlıq Ordusu (ELN) tərəfindən qaçırılıb.
Oyundan sonra Luis Dias özünün “X” sosial şəbəkə hesabı üzərindən atasını əsirlikdə saxlayan Milli Azadlıq Ordusuna (ELN) müraciət edib:
“Bu gün sizinlə danışan futbolçu deyil, bu gün sizinlə danışan Luis Manuel Diasın oğlu Luço Diasdır. Manuel, atam, yorulmaz bir işçi, ailəmizin dayağıdır və o oğurlanaraq qaçırılıb. Mən ELN-dən atamın tezliklə azadlığa buraxılmasını xahiş edirəm və beynəlxalq təşkilatlardan onun azadlığa buraxılmasına müdaxilə etmələrini xahiş edirəm.
Hər saniyə, hər dəqiqə əziyyətimiz artır. Anam, qardaşlarım və mən çarəsiz, kədərliyik və hisslərimizi təsvir etməyə sözümüz yoxdur.
Bu əzab ancaq onu evə gətirəndə bitəcək. Sizdən xahiş edirəm, onun dürüstlüyünə hörmət edərək, onu dərhal azad edəsiniz və mümkün qədər tez buna son verəsiniz. Sevgi və şəfqət naminə davranışlarınıza yenidən baxmağınızı və onu geri almağımıza icazə verməyinizi xahiş edirik.
Aldığımız dəstəyə görə kolumbiyalılara və beynəlxalq ictimaiyyətə təşəkkür edirəm. Bizim və ölkəmdəki bir çox ailənin keçdiyi bu çətin dövrdə çoxlu sevgi və həmrəylik ifadələrinə görə təşəkkür edirəm”, Dias yazıb.



