Məhəmməd Elneni və Sedrik Soares “Arsenal”a lazım olmadı

Portuqaliyalı müdafiəçi Sedrik Soares və dayaq yarımmüdafiəçisi Məhəmməd Elneni İngiltərənin “Arsenal” klubundan ayrılıblar.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “topçular” 22 futbolçusu ilə yollarını ayırıb. İngiltərə klubu bu futbolçuların başa çatan müqaviləsini yeniləməyib. Həmin siyahıda yer almış futbolçular bunlardır:

Mauro Bandeyra, Omari Benjamin, Luis Braun, Katalin Kirjan, Noa Koper, Sabrina DAnxelo, Henri Deyvis, Ovie Ejeri, Məhəmməd Elneni, Teylor Foran, Haber Qratçzuk, Ceyms Hillson, Henri Ceffkott, Tayris Con-Cils, Aleks Kirk, Ceyms Lannin-Svit, Keylan Markkiz, Vivian Midema, Artur Okonkvo, Kamarni Rayan, Sedrik Soares və Kido Teylor-Hart.

Həmçinin klub Amario Koze Dyuberri, Karl Heyn və Ruel Uolterslə müqaviləni yeniləmək üçün danışıqların davam etditini açıqlayıb. Bu üzdən də onların komandada qalacağı və ayrılacağı hələ məlum deyil.

Xatırladaq ki, yuxarıda adları qeyd olunmuş futbolçulardan Elneni ilə Soares daha məşhurdur. Məhəmməd 2016-cı ildən “Arsenal”da çıxış edirdi. 31 yaşlı misirli futbolçu bu komandanın heyətində meydana çıxdığı 161 oyunda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Misir yığmasının üzvü “Arsenal”da çıxış edərkən Türkiyənin “Beşiktaş” klubuna icarəyə də verilib. O, 2019/20 mövsümünü İstanbul təmsilçisində keçirib. Elneni daha öncə “Bazel” və “Əl-Mukavulun” klublarının da uğurları üçün çalışıb. Dayaq yarımmüdafiəçisi Misir yığmasında da 98 oyun keçirib, 8 qola imza atıb, 8 assist edib.

Sportinq”in yetirməsi olan Sedrik Soares isə 2020-ci ildən “Arsenal”da çıxış edirdi. 32 yaşlı futbolçu “topçular”ın heyətində meydana çıxdığı 64 oyunda 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. “Sportinq”, “Akademika”, “Sauthempton”, “İnter”, “Koimbra”, “Fulhem” kimi klubların da formasını geyinmiş sağ cinah müdafiəçisi Portuqaliya yığmasında da 34 oyuna 1 qol vurub, 1 assist verib.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünü 89 xalla 2-ci yerdə başa vurub. Komanda çempion “Mançester Siti”dən cəmi 2 xal geri qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: