Mahir Emreli: “Millimiz doğru yoldadır, nəticə mütləq gələcək”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda legioner həyatı yaşayan 26 yaşlı vinger 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Meydana yalnız qələbə üçün çıxmışdıq. Baş məşqçi Canni De Byazi oyundan əvvəl də qələbəmizə inanırdı. Hamımızın da fikrində yalnız qələbə var idi. Meydana yalnız və yalnız 3 xal üçün çıxmışdıq. Qarşılaşmadan sonra baş məşqçimiz bizi təbrik etdi. Dedi ki, belə komandam olduğu üçün fəxr edirəm. Oyundan sonra paltardəyişmə otağında coşğulu anlar yaşanırdı. Bu qələbəyə görə çox sevinirik. Ümid edirəm ki, Belçika səfərində də qələbənin ardını gətirə biləcəyik”.

Mahir Emreli milli komandamızın son zamanlar inamlı təsir bağışladığını qeyd edib: “Millimizin son oyunlarını yəqin ki, hər kəs izləyib. İstər Belçika, istər Estoniya, istər Avstriya, istərsə də İsveç matçı – bu oyunların hamısında rəqibdən üstün futbol sərgiləmişik. Doğru yoldayıq. Ona görə də düşünürəm ki, gec-tez nəticə də gələcək. Bu tempi qoruyub saxlamağa çalışmalıyıq”.

Xatırladaq ki, Mahir Emreli 2022-ci ilin fevral ayında Zaqreb “Dinamo”sunda çıxış edir. O, bu komandaya Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. Mahir sözügedən komandanın heyətində 44 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 45 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: