Makallister Messinin insani keyfiyyətlərindən danışdı

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister ulduz hücumçu Lionel Messi ilə Argentina yığmasındakı çıxışını şərh edib.

Arena.az “Liverpul”un mətbuat xidmətinə istinadən, Makallisterin bu barədə fikirlərini təqdim edir:

“O, başqalarına bir çox cəhətdən kömək edir, çox sakit və nəzakətlidir. Amma onun xasiyyəti ünsiyyətdə görünür. Düşünürəm ki, onun meydanda necə olması barədə danışmağa ehtiyac yoxdur – insanlar hər şeyi özləri görə bilirlər. Mənim üçün o, tarixin ən yaxşı oyunçusudur. Əvvəlcə düşünürdüm: “Oh, mən Messi ilə oynayacağam və məşq edəcəyəm!” Amma sonra onun necə gözəl insan olduğunu anladım. Bu da çox vacibdir – ola bilsin ki, insanlar bunu hiss etmirlər”, deyə Makallister bildirib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Vurğulayaq ki, Messi hazırda yüngül zədədən əziyyət çəkir və bərpa ilə məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: