İngiltərənin “Vulverhemton” klubunun mərkəz yarımmüdafiəçisi Mateus Nunes Premyer Liqanın digər təmsilçisi “Mançester Siti”yə keçib.
Arena.az bu barədə İngiltərə çempionunun rəsmi saytına istinadən məlumat verir.
“Mançester Siti” braziliyaəsilli portuqaliyalı futbolçu ilə 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
“Şəhərlilər” Nunesin transferi üçün “Vulverhempton”a 62 milyon avro ödəyəcəklər.
Xatırladaq ki, “Vulverhempton” portuqaliyalı yarımmüdafiəçini 2022-ci ilin avqustunda 45 milyon avro müqabilində Lissabon “Sportinq”indən transfer etmişdi. Nunes “Vulverhempton”un heyətində cəmi bir tam mövsüm keçirib. Geridə qalmış 2022/2023 mövsümündə o, “qurdlar”ın heyətində 39 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib, cari mövsümdə isə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.
Mateus Nunes 2021-ci ilin oktyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Xatırladaq ki, Nunes yay transfer pəncərəsində “şəhərlilər”ə qoşulmuş dördüncü oyunçudur. “Mançester Siti” buna qədər yarımmüdafiəçi Mateo Kovaçiçi, müdafiəçi Yoşko Qvardiolu və hücumçu Jeremi Dokunu heyətinə qatıb.
“Mançester Siti” öz oyunçularından da bir neçəsini icarəyə göndərib. İngilis mərkəz müdafiəçiləri Teylor Harvud-Bellis (21 yaş) “Sauthempton”a, Lyuk Mbete (19 yaş) “Den Boş”a, serbiyalı hücumçu Slobodan Tediç (23 yaş) “Çarlton”a, ingilis yarımmüdafiəçi Ceyms Makati (20 yaş) isə “Şeffild Yunayted”ə keçib. Onların hamısı bu mövsümün sonuna kimi icarədə olacaqlar.
Yeri gəlmişkən, “Şeffild Yunayted” “Lester Siti”nin sol cinah müdafiəçisi Lyuk Toması da icarəyə götürüb. 22 yaşlı ingilis də gələn yaya kimi Premyer Liqa klubunda forma geyinəcək.


