Mateus Nunes zədələndi, yığmanın düşərgəsini tərk etdi

“Mançester Siti”nin braziliyaəsilli portuqal mərkəz yarımmüdafiəçisi Mateus Nunes zədə səbəbindən Portuqaliya yığmasını tərk etməli olub.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Nunes noyabrın 14-də Portuqaliya yığmasının məşqi zamanı əzələ ağrısı hiss edib. Bir qədər sonra tibbi müayinə edilmiş futbolçunun zədə aldığı müəyyən edilib. Beləliklə, Nunes Portuqaliya yığmasının 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lixtenşteyn (16 noyabr, cümə axşamı) və İslandiya (19 noyabr, bazar günü) yığmaları ilə keçiriləcək oyunlarında iştirak edə bilməyəcək.

Vurğulayaq ki, Nunes “Mançester Siti”nin cari mövsümdə zədələnmiş yeddinci futbolçusudur. “Şəhərlilər” Ederson, Con Stounz, Natan Ake, Serxio Qomes, Mateo Kovaçiç və Kevin De Bröynenin xidmətlərindən məhrumdurlar.

Portuqaliya yığması 8 turdan sonra 24 xallıq mütləq nəticə ilə “J” qrupuna başçılıq edir. Portuqallar 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqəni təmin ediblər.

Mateus Nunes “Mançester Siti”yə cari ilin sentyabrında 62 milyon avro müqabilində “Vulverhempton”dan keçib. Nunesin “şəhərlilər”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Nunes “Mançester Siti”nin heyətində 10 oyuna 2 məhsuldar ötürmə ilə fərqlənib.

Mateus Nunes 2021-ci ilin oktyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı Mateus Nunesi 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: