Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı oyunda dünya çempionatları tarixində daha bir uğura imza atıb.
Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu 2:1 hesablı qələbə qazandıqları bu görüşdə Entso Fernandes və Lautaro Martinesin qollarına məhsuldar ötürmə verərək komandasının finala yüksəlməsində mühüm rol oynayıb.
Bununla da Messinin cari dünya çempionatında məhsuldar ötürmələrinin sayı 4-ə çatıb.
“Opta Sports”un məlumatına görə, Messi 1970-ci il dünya çempionatında Peledən sonra eyni mundialın pley-off mərhələsində 4 məhsuldar ötürmə edən ilk futbolçu olub. Beləliklə, argentinalı əfsanə braziliyalının 56 il əvvəl müəyyənləşdirdiyi nailiyyəti təkrarlayıb.
“Leo” iyulun 19-da İspaniyaya qarşı keçiriləcək final matçında da məhsuldar ötürmə edərsə, bu göstəricidə Peleni geridə qoyaraq yeni rekorda imza atacaq.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq. Həlledici görüş iyulun 19-da keçiriləcək.


