Bosniya və Herseqovinadan olan sol cinah müdafiəçisi Miço Kuzmanoviç Azərbaycanın “Araz-Naxçıvan” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi qoşulub.
Bosniya və herseqovinalı futbolçu karyerası ərzində vətənində “Modriça Maxima”, “Zviyezda”, “Banya Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar” (Velenye) və “Çelye” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Siti”də keçirən Miço Kuzmanoviç bu komandada 37 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Nuno Rodriqes və Vanderson Kavalkante Melonu da heyətinə qatmışdı. “Sabah”dan Abdulla Rzayevi icarəyə götürmüş Naxçıvan klubu Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov və Elçin Mustafayevi də transfer edib. Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə isə yeni müqavilə imzalanıb.


