Gürcüstan millisinin mərkəz hücumçusu Georges Mikautadze “Mets”dən tamhüquqlu əsasda Lion “Olimpik”inin heyətinə keçib.
Arena.az bu barədə “Olimpik”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Lion klubu bu transferə 18,5 milyon avro məbləğində xərc çəkib.
Vurğulayaq ki, daha əvvəl mətbuatda, Mikautadzenin “Monako”ya keçidinin pozulması ilə bağlı məlumat yayılmışdı. Baxmayaraq ki, gürcü hücumçu uzun müddətdir danışıq apardığı “knyazlıq klubu”nun düşərgəsinə yollanmış, hətta tibbi müayinədən də keçmişdi.
Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu cari ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını da alıb. Mikautadzenin “Mets” karyerası ümumilikdə 64 oyun, 38 qol və 13 məhsuldar ötürmədən ibarətdir.
Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan milli komandasının heyətində 29 oyun keçirib, 13 qola imza atıb, 2 məhsuldar ötürmə verib.
Mikautadzeni satan “Mets” Liqa 1 təmsilçisi “Strasburq”un mərkəz yarımmüdafiəçisi Jessi Demenqeni heyətinə qatıb. Klub 26 yaşlı fransalı futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
“Kan” klubunun yetirməsi olan Jessi Demenqe 2023-cü ilin yayından “Strasburq”da çıxış edirdi. O, bu komandanın heyətində 21 oyuna çıxıb, fərqlənə bilməyib.


