Mikel Arteta 2025/26 mövsümünün ən yaxşısı seçildi!

“Arsenal”ının ispaniyalı baş məşqçisi Mikel Arteta futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Arsenal” geridə qalmış 2025/2026-cı illər mövsümünü çempion kimi başa vurub. Londonlular Artetanın rəhbərliyi altında 22 illik həsrətə son qoyublar.

“Topçular” mövsüm ərzində keçirdikləri 38 oyunda 26 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 5 məğlubiyyətə üzülüblər. Komanda 85 xalla rəqibləri üçün əlçatmaz olub. London təmsilçisi Premyer Liqa tarixində mövsümü qırmızı vərəqəsiz başa vurmuş ilk çempion olub. Bundan əlavə, mövsüm ərzində “topçular”ın qapısına 38 oyunun heç birində penaıti təyin edilməyib. Bu baxımdan londonlular daha bir ilki gerçəkəşdiriblər.

Mikel Artetanın rəhbərlik etdiyi komanda mövsüm ərzində yüksək səviyyədə intizam və müdafiə etibarlılığı nümayiş etdirib ki, bu da titul uğrunda mübarizədə əsas amillərdən biri olub. Arteta isə turnir tarixində əvvəllər oyunçu kimi çıxış etdiyi komanda ilə məşqçi olaraq da titul qazanmış ilk mütəxəssis kimi tarixə düşüb.

Xatırladaq ki, Premyer Liqa yekunlaşsa da, 2025/2026-cı illər mövsümü hələ “Arsenal” üçün tam bitməyib. Belə ki, İngiltərə çempionu UEFA Çempionlar Liqasının finalında mübarizə aparacaq. Sözügedən komanda mayın 30-da Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. O, bu müddət ərzində “topçular”ı 350 oyuna çıxarıb, 216 qələbə qazanıb, 60 heç-heçə edib, 74 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: