Futbol üzrə İsveç milli komandasının daha bir futbolçusunda koronavirus aşkarlanıb. Arena.az xəbər verir ki, Deyan Kuluşevskidən sonra Mattias Svanberqin də COVİD-19 testi pozitiv çıxıb.
Bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O da karantinə alınıb və təkrar testlərin nəticəsini gözləməli olacaq.
Qeyd edək ki, İsveç milli komandası AÇ-2020-nin qrup mərhələsində İspaniya, Slovakiya və Polşa yığmaları ilə qarşılaşacaq. İlk turda İsveç millisi Sevilyada İspaniya ilə üz-üzə gələcək. E qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma iyunun 14-də keçiriləcək. Bu komandanın növbəti oyunları iyunun 18-də Slovakiya və iyunun 23-də Polşa yığmalarına qarşı olacaq. Bu iki görüşə isə Sankt-Peterburq şəhəri ev sahibliyi edəcək.
AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.