Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya yığması ilə üz-üzə gəlib.
“Tipos Arena”da baş tutmuş görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Milli komandamızın heyətində Xətai Bağırov fərqlənib. Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb – 3:1.
Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətiriblər. Ukrayna millisi 5:1 hesablı qələbə sayəsində finala yüksəlib.
Beləliklə, Azərbaycan millisi finalda Ukrayna yığması ilə qarşılaşacaq.
Minifutbol üzrə Avropa çempionatına iyunun 4-də keçiriləcək final matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, F qrupunda yer almış Azərbaycan millisi Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək 1/8 finala vəsiqə qazanmışdı. Millimiz bu mərhələdə Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) üstələmişdi.


