Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq qapıçısı Nail Alışov bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Səbail” PFK növbəti futbolçu keçidini reallaşdırıb. Son olaraq “Şahdağ Qusar”da çıxış etmiş Nail Alışov paytaxt klubuna keçib. 25 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Nail “Neftçi”nin yetirməsidir. O, “Zirə”, “Qaradağ Lökbatan”, “Difai” kimi klubların da formasını geyinib. Alışov vaxtilə “Səbail”də də çıxış edib. Belə ki, o, 2021/2022-ci illər mövsümündə “Səbail”in əvəzedicilərdən ibarət komandasında forma geyinib.
Xatırladaq ki, 2025/2026-cı illər mövsümünün yekununda Azərbaycan Premyer Liqasına qayıda bilməyən “Səbail” qarşıdakı mövsümdə də Birinci Liqada çıxış edəcək.


