Orkun Kökçü “Benfika”nın qəzəbinə tuş gəldi

Futbol üzrə Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi Orkun Kökçü Portuqaliyanın “Benfika” klubu tərəfindən cəzalandırılıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi bu klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı türk futbolçu əsas komandadan kənarlaşdırılıb. Onun nə vaxta kimi heyətdən kənarda qalacağı açıqlanmayıb.

Qeyd edək ki, Orkunun cəzalanmasına mətbuatda “Benfika”nın baş məşqçisi Rocer Şmidti tənqid etməsi səbəb olub. Üstəlik o, klubdan icazə almadan müsahibə verib.

Bu mövsümün əvvəlində rekord transfer dəyəri ilə “Benfika”ya keçmiş futbolçu, Niderland mətbuat orqanı olan “De Telegraaf”a müsahibə verərkən klubdan və baş məşqçi Rocer Şmidtdən razı olmadığını deyib:

“Gözlədiyim bu deyildi. Ötən yay transfer zamanı çox şey oldu. Düşündüm ki, bu, karyeramı hər sahədə təkmilləşdirmək üçün atacağım ən yaxşı addımdır. Amma bu, qismən baş verib. Rocer Şmidt məni bir çox vəzifələrə həddən artıq bağlayır. Həqiqətən məndən faydalanmaq istəyirsənsə, ehtiyac yoxdur. “Benfika” üçün daha çox şey edə bilərəm. Məyus oldum”.

Onun bu sözlərindən sonra klub rəhbərliyi futbolçunu qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb. Futbolçu ötən gün baş tutan “Casa Pia” ilə səfər oyununda heyətə salınmayıb.

Orkun Kökçü 10 iyun 2023-cü ildə Niderlandın “Feyenoord” klubundan 25 milyon avro qarşılığında “Benfika”ya transfer olub. O, bu mövsüm Portuqaliya təmsilçisinin heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2020-ci ilin sentyabr ayında debüt etdiyi Türkiyə milli komandasının heyətində 24 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonda onu da xatırladaq ki, Orkun Kökçü Azərbaycan millisinin sağ cinah vingeri Ozan Can Köçkünün qardaşıdır. Ozan hazırda Niderlandın “Eyndhoven” klubunda forma geyinir.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: