Orkun Kökçü “Beşiktaş”da – Rəsmi

Futbol üzrə Türkiyə millisinin mərkəz yarımmüdafiəçisi Orkun Kökçü bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Benfika” klubuna məxsus olan futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. “Beşiktaş” Orkunu satınalma şərti ilə icarəyə götürüb. 24 yaşlı futbolçunun bir mövsümlük icarəsi üçün “Benfika”ya 5 milyon avro ödəniləcək. 2026-cı ilin yayında isə Kökçünün transfer hüquqlarının alınmasıı üçün Portuqaliya klubuna əlavə 25 milyon avro ödəmək lazım gələcək.

“Feyenoord”un yetirməsi olan Orkun Kökçü 10 iyun 2023-cü ildə Niderland klubundan 25 milyon avro qarşılığında “Benfika”ya keçib. O, 2024/2025-ci illər mövsümündə Portuqaliya təmsilçisinin heyətində 55 oyuna çıxıb, 12 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Orkunun “Benfika” karyerası bütövlükdə 98 oyun, 19 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Yarımmüdafiəçi 2020-ci ilin sentyabr ayında debüt etdiyi Türkiyə milli komandasının heyətində 41 oyuna çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonda onu da xatırladaq ki, Orkun Kökçü Azərbaycan millisinin sağ vingeri Ozan Can Köçkünün qardaşıdır. Ozan hazırda Niderlandın “Volendam” klubunda forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: