2026/2027-ci illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Karvan” heyətini yeni futbolçularla, o cümlədən Orxan Sadıqlı ilə gücləndirib.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, klub son olaraq “Mingəçevir”də forma geyinmiş təcrübəli qapıçı Orxan Sadıqlını heyətinə qatıb. 33 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Orxan Sadıqlı karyerası ərzində “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” “Zirə” və “Şəmkir” kimi klubların qapısını qoruyub.
“Karvan” son olaraq MOİK-də forma geyinmiş 24 yaşlı qapıçı Əkbər Vəliyevlə də mövsümün sonuna qədər müqavilə imzalayıb. Əkpər karyerası ərzində “Cəbrayıl” və “Şamaxı” klublarının qapısını qoruyub.
Son olaraq “Mingəçevir” klubunda forma geyinmiş Elçin Mustafayev də bundan sonra Yevlax təmsilçisinin uğurları üçün çalışacaq. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Yevlax klubu keçmiş hücumçusu Ruslan Voronsovu da heyətinə cəlb edib. Tərəflər bir illik müqaviləyə imza atıblar.


