Pablo Mari satıldı, “Arsenal” bu qədər qazandı

2022-ci ilin yayında icarə əsasında İtaliyanın “Montsa” klubuna keçən “Arsenal”ın müdafiəçisi Pablo Mari London təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyadan olan 29 yaşlı futbolçunun transfer hüquqlarını da alıb.

“Montsa” bunun üçün İngiltərə klubuna 4,9 milyon avro ödəyib. Mərkəz müdafiəçisinin İtaliya klubu ilə müqaviləsinin müddəti açıqlanmır.

Pablo Mari geridə qalan mövsümdə “Montsa”da 31 oyuna çıxıb, 1 qol da vurub. Təcrübəli futbolçunun “Arsenal” karyerası isə 22 oyun və 1 qoldan ibarətdir. O, “Ximnastik” (Terraqona), “Malyorka”, “Deportivo”, “NAK Breda”, “Flamenqo”, “Udineze” və “Jirona” kimi klubların da formasını geyinib.

“Montsa” dörd futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Klub digər mərkəz müdafiəçisi Luka Marrone, sağ cinah müdafiəçisi Julio Donati, yarımmüdafiəçisi Andrea Barberis və hücumçusu Kristian Qyutkerlə vidalaşıb. Müqaviləsinin müddəti bitən bu oyunçularla yeni sözləşməyə ehtiyac duyulmayıb.

Danimarkadan olan 33 yaşlı Qyutker 2020-ci ilin avqustundan formasını geyindiyi “Montsa”da 86 oyuna 22 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

29 yaşlı Barberis də 2020-ci ildən “Montsa”da çıxış edirdi. İtaliyalı futbolçu bu komandada 87 oyuna 3 qol və 6 assistlə yadda qalıb.

33 yaşlı Donati 2020-ci ilin sentyabrından bu klubun uğurları üçün çalışırdı. İtaliyalı futbolçu burada keçirdiyi 67 oyunda 1 qol vurub, 2 assist edib.

Marrone isə 2021-ci ilin avqustunda “Montsa”ya qoşulmuşdu. 33 yaşlı italyan bu komandada cəmi 25 matça çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: