Patrik Andrade: “Belə qollar buraxmamaq üçün…”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kabo Verde yığmasının da üzvü olan 32 yaşlı futbolçu Bakıda baş tutan və 2:2 hesabıyla bitən oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Oyun bizim üçün olduqca yaxşı keçdi. Vurduğumuz qollar keçdiyimiz ağır məşqlərin, əzmkarlığın nəticəsidir. Yekunda onlar hesabı bərabərləşdirsə də, komandanı qarşıda daha bir matç gözləyir. Hazırda isə diqqətimizi “Zirə” ilə çempionat görüşünə yönəldəcəyik. Addım-addım daha yaxşısını etməyə çalışırıq. Futbolda hər şey baş verir. İki dəfə fərqlənsək də, sonradan qapımızda eyni sayda qollar gördük. Bizi ən çox təəssüfləndirən qələbəni əldən verməyimizdir. İki qolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır. Səhvlərimiz üzərində ciddi şəkildə işləyəcəyik”.

Patrik Andrade “Bayer”ə qarşı matçda üstünlüklərini qoruya bilmədikləri üçün məyus olduğunu bildirib: “Əlbəttə, 2:2 hesabı ilk matç üçün bizi qane edə bilməz. Qələbə qazana bilərdik, amma bacarmadıq. Bu hesab bizi müəyyən qədər məyus etdi. Bunu sizə necə izah edəcəyimi bilmirəm. Qəribə hisslər yaşayıram. Belə qollar buraxmamaq üçün qarşıdakı matçlarda daha yaxşısını etməyə çalışacağıq. Bu, “Bayer”in builki rekord seriyasına son qoymaqdan daha pisdir”.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer” komandası ilə heç-heçə (2:2) edib. Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində baş tutacaq. Həmin oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: