Patrik Kluyvert Super Liqa klubunun baş məşqçisi oldu

Futbol üzrə Niderland millisinin sabiq hücumçusu Patrik Kluyvert Türkiyənin “Adana Dəmirspor” komandasına baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, ötən mövsüm bitən kimi klubun yeni müqavilə təklifini qəbul etməyən italyan mütəxəssis Vinçentso Montellanı əvəz edib.

Xatırladaq ki, Patrik Kluyvert indiyə qədər yalnız “Tvente”nin gənclərdən ibarət komandasında və Kurasao yığmasında baş məşqçi kimi çalıb. O, daha çox müxtəlif yığma və klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Bu baxımdan “Adana Dəmirspor” onun üçün ilk ciddi sınaq hesab oluna bilər.

“Adana Dəmirspor” müqaviləsinin müddəti bitən Benjamin Stambuli ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Fransadan olan 32 yaşlı dayaq yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu komandada qalacaq. Onun əvvəlki sözləşməsinin müddəti iyunun 30-na qədər idi.

Benjamin Stambuli 2021-ci ilin iyul ayından formasını geyindiyi “Adana Dəmirspor”da 67 oyuna çıxıb, 3 qol və 10 assistlə yadda qalıb. O, “Şalke”, “Monpelye”, PSJ və “Tottenhem”də də çıxış edib.

“Adana Dəmirspor” ötən ilin yayında Yunanıstan “Olimpiakos”undan icarəyə götürdüyü Henri Onyekurunun da transfer hüquqlarını alıb. Bu barədə klub prezidenti Murat Sancak açıqlama verib. Super Liqa təmsilçisi Nigeriyadan olan 26 yaşlı sol cinah vingeri üçün 3,5 milyon avro ödəyib.

Onyekuru geridə qalan mövsümdə Adana klubunun forması ilə meydana çıxdığı 30 oyunda 8 qol vurub, 3 assist edib. O, “Qalatasaray”, “Eupen”, “Anderlet”, “Olimpiakos” və “Monako” kimi klubların da formasını geyinib. Futbolçu Nigeriya millisində 16 oyuna 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: