Portuqaliya millisi Millətlər Liqasının ikiqat qalibidir!

Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının finalında İspaniya yığmasına qalib gələrək 2024/2025 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, bu gün UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Həlledici günün ilk qarşılaşması Fransa və Almaniya yığmaları arasında keçirilib. 3-cü yer uğrunda görüşdə “Dördlər finalı”na ev sahibliyi edən almanlar daha şanslı hesab olunurdular. Amma fransızlar bu görüşdə iki cavabsız qolla qalib gələrək bürünc medallara sahib çıxıblar.

Həlledici görüşdə isə Portuqaliya və İspaniya milli komandaları üz-üzə gəliblər. Əsas vaxtı 2:2 hesabıyla yekunlaşmış finalın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş portuqallar turnirin qalibi olublar.

Xatırladaq ki, Portuqaliya millisi tarixində ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bu komanda sözügedən turnirin ilk mövsümündə (2018/2019-cu illər mövsümü) də finala yüksəlmiş və həlledici oyunda Niderland yığmasını 1:0 hesabıyla yenmişdi.

UEFA Millətlər Liqası
8 iyun

3-cü yer uğrunda oyun

Almaniya – Fransa 0:2
Qollar: Kilian Mbappe, 45. Maykl Olise, 84.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Ştutqart. “MHP Arena”.

Final

Portuqaliya – İspaniya 2:2 (penaltilər 5:3)
Qollar: Nuno Mendes, 26. Kristiano Ronaldo, 61 – Martin Subimendi, 21. Mikel Oyarsabal, 45.
Baş hakim: Sandro Şorer (İsveçrə).
Münhen. “Alyans Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: