Almaniyanın “Bayer” klubunun ekvadorlu mərkəz müdafiəçisi Pyero İnkapye bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
İngiltərə klubu 23 yaşlı müdafiəçini 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Topçular” futbolçunun transfer hüquqlarını almaq istəsələr, Almaniya klubuna 52 milyon avro ödəyəcəklər.
“İndependyente”nin yetirməsi olan Pyero İnkapye bir mövsüm “Talyeres”də də forma geyinib. “Bayer” onu 2021-ci ilin yayında 6,35 milyon avro müqabilində “Talyeres”dən transfer etmişdi. Ekvadorlu futbolçu Bundesliqa klubunun heyətində 166 oyuna çıxıb, 7 qol və 5 assistlə yadda qalıb.
Pyero İnkapye “Bayer”lə Almaniya çempionu olub, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazanıb.
Ekvadorun U-17 yığmasında da oynamış müdafiəçi 2021-ci ildən formasını geyindiyi əsas millinin heyətində 46 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, İnkapyenin gəlişindən sonra “Arsenal”ın müdafiəçisi Yakub Kivyor da “Portu”ya keçib. Portuqaliya nəhəngi 25 yaşlı polşalı futbolçunu bir mövsümlük icarəyə götürüb. Sözügedən klub bunun üçün London klubuna 2 milyon avro ödəyib.
Qeyd edək ki, Yakub Kivyor Polşa yığmasının üzvüdür. O, “Arsenal”ın heyətində 68 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər “Anderlext”, “Podbrezova”, “Jilina” və “Spetsiya” kimi klubların da şərəfini qoruyub.



