Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/4 finalına vəsiqə uğrunda Almaniya təmsilçisi ilə mübarizə aparıb.
Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu ötən həftə Bakıda keçirmişdi. Həmin matçda 2:0 öndə olmasına baxmayaraq, yekunda meydanı heç-heçə ilə tərk etmiş Azərbaycan çempionu indi də səfərdə futbol dünyasını təəccübləndirməyə çalışıb.
Tarixində ilk dəfə Avroliqanın 1/8 mərhələsinə vəsiqə qazanmış “Qarabağ” uğurunun davamını gətirməklə bu turnirin 1/4 finalına da yüksələ və növbəti tarixi uğura imza ata bilərdi. Bunun üçün Azərbaycan çempionuna Leverkuzendəki görüşdə mütləq qələbə qazanmaq lazım idi.
Lakin rəqib heç də sıradan bir komanda deyildi. Cari mövsüm keçirdiyi 36 matçında uduzmayan Leverkuzen təmsilçisi möhtəşəm seriyaya malik idi. Ağdam klubu qələbə qazanacağı halda həm də Almaniya Bundesliqasına inamla liderlik edən bu komandanın məğlubiyyətsiz seriyasını qırmış olacaqdı.
Amma təəssüf ki, Bakıdakı ssenari Leverkuzendə də təkrarlanıb. Azərbaycan çempionu səfər matçında da 2:0 önə keçib. Hətta ikinci top komandamız azlıqda olarkən rəqib qapısından keçirilib. Elvin Cəfərquliyev “Braqa” ilə pley-off matçında olduğu kimi, bu dəfə də qırmızı vərəqə almaqla komandasını çətin vəziyyətdə qoyub. Məhz bunun nəticəsində qonaqları böyük təzyiq altında saxlayan “Bayer” dönüş etməyi bacarıb. Almaniya təmsilçisi son iki qolu isə matçın təzminat dəqiqələrində rəqib qapısından keçirib. Bununla da Avroliqada “Qarabağ” adlı nağıl başa çatıb.
Xatırladaq ki, Azərbaycan və Almaniya təmsilçiləri bu mövsüm Avroliqanın qrup mərhələsində də qarşılaşmışdılar. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.
Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart
“Bayer” – “Qarabağ” 3:2
Qollar: Jeremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 – Abdullah Zubir, 58. Olavio Juninyo, 67.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63.
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann, Endryu Medli (İngiltərə).
VAR: Stüart Attuel (İngiltərə).
AVAR: Carred Qavan Cillet (Avstriya).
Leverkuzen. “BayArena”.
İlk oyun – 2:2.
Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Andrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Jeremi Frimponq, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.


