“Qarabağ” Çempionlar Liqasına 2-ci mərhələdən başlayacaq

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

Arena.az xəbər verir ki, bu, İspaniya çempionu “Real”ın qitənin ən nüfuzlu klub turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin bu gecə Dortmund “Borussiya”sı üzərindəki qələbəsi Azərbaycan çempionu ilə yanaşı, Macarıstanın “Ferentsvaroş” komandasının da işinə yarayıb. Hər 2 komanda püşkatma zamanı “səpələnməmişlər” arasında yer alacaq.

Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradıb.

Beləliklə, 2024/2025 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində 28 komanda çıxış edəcək. “Qarabağ” da daxil olmaqla 10 komandanın mübarizəyə başlayacağı 2-ci tura 14 klub qoşulacaq. Yekunda 12 klub 3-cü mərhələyə, sonra 6 klub “pley-off”a yüksələcək. “Pley-off”da onları daha 4 komanda gözləyəcək. Nəticədə təsnifat mərhələsi yolu ilə Çempionlar Liqasının əsas mərhələsinə 5 komanda vəsiqə qazanacaq.

Xatırladaq ki, bu gün İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutan final oyununda “Real” Dortmund “Borussiya”sına 2:0 hesabıyla qalib gəlib. Madrid klubu tarixində 15-ci dəfə ÇL kubokuna sahib çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: